Azərbaycanda işıqlar yenə söndü

12 İyul 2018 17:14

İyulun 12-si saat 16.00 radələrində ölkənin elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Azərenerji Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, buna Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin altında yanğının baş verməsi səbəb olub. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, yanğınla əlaqədar təhlükəsizlik məqsədilə ölkənin bəzi bölgələrinə elektrik enerjisinin verilişi dayandırılıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qəza  nəticəsində Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub. ”Azərişiq” öz şəbəkələri vasitəsilə 1-ci kateqoriyalı obyektlərin - Bakı metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunublar.