XİN rəhbərlərinin görüşü 4 saat çəkdi

12 İyul 2018 10:44

"Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb. İyulun 11-də Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüşü keçirilib.Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Bundan əvvəl Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.