Gəncədə 2 polis şəhid oldu, cinayətkarlar axtarılır

11 İyul 2018 10:16

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini  İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur. Respublika Baş Prokurorluğu, Daxili işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda belə deyilir. Bildirilir ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır. Fotoşəkilləri təqdim edilən həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlardan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.