Turistlər daha çox hansı bölgələrə üz tuturlar?

11 İyul 2018 09:35

Qubaya üz tutan turistlər istirahət üçün daha çox Qəçrəş və Xınalıq istiqamətini seçirlər. Turizm potensialına görə fərqlənən bu məkanlar füsunkar təbiəti ilə hər kəsin marağını cəlb edir. Bu il Qubaya üz tutan turistlər arasında əcnəbi qonaqların sayında 30 faiz artım var. Xarici ölkə vətəndaşlarının arasında ərəb ölkələrinin nümayəndələri çoxluq təşkil edir. Qubaya gələn turistlər şəxsi evlərdə dincəlmək üçün günə 30-120, otellərdə isə 200-350 manat xərcləməli olur. Təklif olunan evlərin qiyməti yerləşdiyi yerdən və şəraitindən asılı olaraq dəyişir. Lakin bu il evdə dincəlmək istəyənlərin sayı 50 faiz azalıb. Ev kirayəsi ilə məşğul olanlar şəxsi evlərin, kəndlərin reklam olunmasının vacibliyini vurğulayır. Turizm ekspertləri isə bildirir ki, əsrarəngiz təbiəti ilə diqqət çəkən elə kəndlər var ki bu gün də turist yolunu gözləyir. Amma çətin keçilən yol qonaqların səyahətinə əngəl olur. Yay mövsümündə Qubada taksi xidmətlərində də canlanma müşahidə olunur. Turistlərin ən çox üz tutduğu məkan isə Xınalıqdır. Ucqar dağ kəndinə səhayət etmək istəyən turist 50 manat xərcləməli olur. Ötən ilə qədər istirahət mərkəzlərində əcnəbi dil bilən əməkdaşlar çatışmırdı. Bu il bu problem qismən də olsa aradan qaldırılıb. Qubaya gələn turistlər 6 turizm marşrutundan faydalana bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.


ELMAR ƏBÜLFƏTOĞLU