Girovluqda keçən 4 il...

10 İyul 2018 09:08

Pərvanə şam işığına gedərək özünü yandıran kimi, onlar da öz həyatlarını Vətən eşqi, Vətən həsrəti uğruna yandırdılar.  Söhbət 4 il əvvəl öz ata-baba yurdunu  ziyarət etmək üçün Kəlbəcərə gedən və orada girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və güllələnərək öldürülən Həsən Həsənovdan gedir. Nail Həsənov deyir, qardaşı Həsən bilirdi ki, bu səfər onun  canı bahasına başa gələcək. Amma yaxınları onu bu fikrindən döndərə bilməyib. Həsənin tək  narahatlığı ailəsi ilə bağlı olub. Kəlbəcərdə başına bir hadisə gələrsə, ailəsinə arxa duran axtarırdı. Bugünsə onun ailəsinin arxasında dövlət dayanır, himayə edir. Həsənin yaxınları girov götürlən  Şahbaz Quliyevlə, Dilqəm Əsgərovun tezliklə azad olmasını istəyirlər. Həmin səfərdə girov götürülən Şahbaz Quliyevin yaxınları təskinlik üçün göndərilən məktubların artıq faydasının olmadığını deyirlər. 4 illik həsrətin başa çatmasını, Şahbazın sağ-salamat geri qayıtmasını istəyirlər. Beynəlxalq təşkilatların məsələyə  biganəliyi onları narahat edir. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının səhhətindən narahatdır. O,  hətta bu narahatlığını ötən il ATƏT-in Demokratik Təsisatlar və insan Haqları Bürosunun Varşavada keçirilən illik zirvə görüşündə 57 ölkənin rəsmilərinin, diplomatların və hüquq müdafiəçilərinin iştirak etdiyi toplantıda dilə gətirib. Nəticə isə indiyədək dəyişməyib. Millət vəkili Qənirə Paşayeva ötən ay Avropa Şurası Parlament Assambleyasının sessiyasında  girovların vəziyyətinin ağır olduğunu deyərək təşkilatın rəhbərliyinə çağırış edib. Onları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün daha sərt addımılar atmağa çağırıb. Girovlarla bağlı yalnız beynəlxlaq platformalarda fikirlər səsləndirilmir. Avropa İnsan Haqları Məhkəməsinə də müraciət göndərilib. Girovların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub.  Girovların hüquqlarını müdafiə edən vəkil Anar  Bağırovun sözlərinə görə, məhkəməyə daxil olan bu ərizəyə 3 ildir cavab yoxdur. Hüquq müfaiəçisi Əhməd Şahidov deyir ki,  ATƏT-in qarşıdakı zirvə toplantılarında da məsələ gündəmə gətirilərək, dünya birliyinin diqqətinə çatdırılacaq. Artıq 8 aydır girovlardan nə  bir xəbər var, nə də məktub. Beynəlxalq Qızıl Xaç Komitəsinin  nümayəndələri girovların məktub yazmaqdan imtina etdiyini deyirlər. Amma bu səssizlik girovların  səhhəti, vəziyyəti ilə bağlı şübhələri artırır. 


ŞƏHLA CAVANŞİRQIZI