Xarakter insan səhhətinə təsir edir

09 İyul 2018 10:04

61 yaşlı Famil Əliyev də deyir ki, malik olduğu xarakter onun səhhətinə təsir göstərib. Bundan sonra həkimə müraciət emək məcburiyyətində qalıb. Psixoloqlar deyirlər ki, insanlar bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri ilə ilə əldə edir. Bunlar insan xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır. Ekspertlərin sözlərinə görə, xarakterin tipləri yeniyetməlik yaşında formalaşsa da, ayrı-ayrı əlamətləri hələ kiçik yaşlarında həyat şəraitinin tərbiyənin nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artdıqca isə xarakterində də müxtəlif dəyişikliklər baş verir. Bəzi əlamətlər gizli hala keçir, bəziləri isə özünü daha qabarıq göstərməyə başlayır. Xarakter insanda genetik faktor ola bilər. Psixoloqların fikrincə, bu, insanın temperamentindən və şəxsiyyətindən irəli gələn bir prosesdir. Xarakterdə cəmləşən hər hansı bir keyfiyyətlər irsi də ola bilər, sonradan qazanılan da. Bu keyfiyyətlər tədricən insanın xasiyyətində özünü göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün formalaşmayan hər bir xüsusiyyət insanın sağlamlığına da zərər vurur. Utancaqlıq, tanış olmayan mühitdə özünü narahat hiss etmək orqanizmin virus və bakteriyalara qarşı müqavimətini azaldır.  Aqressiv, əsəbi insanlarsa ciddi ürək xəstəlikləri ilə üzləşə bilərlər. Gördüyü işlərdən məmnun olmayan, hər zaman özünü tənqidə yol vermək də müəyyən fəsadlara gətirib çıxarır. Xasiyyətin müəyyən xəstəliklərə səbəb olması tibbi diaqnoz deyil.  Araşdırma və müşahidələrin nəticəsidir. Mütəxəssislər insana daha çox ünsiyyətcil olmağı, təmiz havada gəzməyi, hadisələrə daha ədalətli yanaşmağı tövsiyə edirlər. Çünki müşahidələr göstərir ki, bu tip insanlar daha uzunömürlü olurlar, ürək və qan-damar sistemi xəstəliklərinə az tutulurlar.

 

RAMİL ZEYNALLI