Etnik təmizləməyə məruz qalan - AĞDƏRƏ...

08 İyul 2018 09:07

Uşaqlığı, yeniyetməliyi, gəncliyi Ağdərədə keçən Mərziyə Musayeva deyir ki, onlarla birgə yaşayan ermənilər öz işğalçı niyyətlərini 1988-ci ildən biruzə verməyə başlayıblar. 1989-cu ildə aparılan əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayıb. Ərazidə Tərtər çayı üzərində Sərsəng Su Elektrik Stansiyası fəaliyyət göstərib, zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları olub.  Rayonun çox hissəsi  nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irs talan edilib, xüsusiyyətləri saxtalaşdırılıb və infrastrukturu dağıdılıb. İndi Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür. Ermənistan və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejim bu illər ərzində Ağdərənin sərvətlərinin talan edib.BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin işğalını pisləyib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Hikmət Hacıyev deyir ki, bu istiqamətdə təxirəsalınmaz addımların atılması Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına, o cümlədən Ağdərəyə və ətraf kəndlərə qayıtmasına əsas yarada bilər.Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə də, bu da faktdır ki, aprel döyüşlərindən sonra Ağdərənin böyük hissəsində Azərbaycan bayrağı dalğalanır. Mərziyyə Musayeva kimi, yüzlərlə ağdərəli də həmin  günü - doğma yurdun işğaldan tam azad olmasını - öz el-obalarına köçmələrini səbirsizliklə gözləyirlər. Və beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkib 25 ildir davam edən işğala göz yummamağa çağırırlar.


LEYLA ABBASOVA