Suyu quruyan, zibillənən ŞƏHİD bulaqları...

06 İyul 2018 10:07

Şəhid Azər Həsənovun anası oğlunun adına olan bulağa laqeydlikdən gileylənir. Deyir, əksər şəhid bulaqları kimi bu bulağa da biganə münasibət var. Şəhid bulaqlarından müxtəlif məqsədlər üçün istifadə edənlər də az deyil. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, şəhid abidələrinin və bulaqlarının ətrafı gündəlik təmizlənsə də ərazidə yaşayan insanlar məsələyə eyni münasibəti göstərmirlər. Paytaxt Bakının müxtəlif yerlərində mövcud olan digər şəhid bulaqlarında da oxşar mənzərə hökm sürür. Bu vəziyyət təkcə paytaxtda deyil, bölgələrdə də yaşanır. Yevlax rayonunda şəhid bulağından su gəlsə də, antisanitar vəziyyət diqqəti çəkir. Bulaqların bir neçəsi elə şəhərin  mərkəzində  yerləşir. Belə bulaqların göz önündə olmasına baxmayaraq, nəzarət edən yoxdur.Yaşıllığı qırma,onu qoru! Şəhid qardaşların ruhuna, hörmət et! Belə yazılara Sumqayıtın şəhid bulaqları və abidələri olan yerlərdə rast gəlmək mümkündür. Səbəb isə sadədir. İnsanların ətrafı zibilləməsi, laqeydlik və hörmətsizlik. Bulaqlarda suyun olmamasına gəlincə isə Sumqayıt Su-Kanal İdarəsindən şifahi olaraq bildiriblər ki, su krantı işlək vəziyyətdə  olan bütün şəhid bulaqlarına suyun verilməsi təmin edilir.Şəhidlərin məqamını bizim üçün əlçatmaz edən onların Vətənə bağlılığı, topağına sadiqliyi və uğrunda canından göz qırpmadan keçməsidir.Qəhrəmanların xatirəsinə, adına hazırlanmış bütün abidələrə hörmətlə yanaşılmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcudur.


SAMİR NAMİQOĞLU