Metro bağlı olacaq, sərnişinlər avtobuslarla pulsuz daşınacaq

04 İyul 2018 13:35

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa edilib. Payatxtın bütün ərazisinə, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub. “Azərenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. İyulun 3-də Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü saat 19 radələrində "Bakı Metropoliteni"nin stansiyalarında qatarların hərəkəti dayanıb.Bu isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında öz əksini tapıb. Bildirilib ki, qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib. O da qeyd olunub ki,  iyulun 4-də "Bakı Metropoliteni"ndə bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərəcək və sərnişinlər üçün bağlı olacaq. Həmin gün paytaxt ərazisindəki digər müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.