KONDİSİONER: Rahatlıq, yoxsa xəstəlik mənbəyi?

03 İyul 2018 08:44

Yay fəslində havalar isti keçdiyindən kondisionerə tələbat artır. Ağababa Hüseynov da yayın istisində sərinləməyin yolunu kondisionerdən istifadədə görənlərdəndir. Amma bu, ona baha başa gəlib. Düzgün yararlanmamaq sağlamlığına zərər vurub. Belə hallarla rastlaşmamaq üçün mütəxəssislər kondisioner istifadə edənlərin bəzi nüanslara diqqət yetirməsinin vacib olduğunu deyirlər. Ekspertlər bildirirlər ki, optimal otaq temperaturu 24-26 dərəcə hesab edilir. Tez bir zamanda sərinləmək istəyən insanın üzərinə soyuq havanı yönəltməsi yanlışdır. Əksinə hava axınını istiqamətləndirən yelpiyi tavana tərəf qaldırmaq lazımdır. Həkimlər sərinləmək istəyənlər üçün kondisionerlərin faydası ilə yanaşı, zərərlərinin də olduğunu bildirirlər. Xüsusilə xroniki xəstəlikləri, boyun və baş ağrıları olanlar diqqətli olmalıdırlar.  Çünki soyuq hava kütləsi həmin əzələlərin ağrımasına səbəb olur.Mütəxəssislərin sözlərinə görə, yaşlı və ya gənc olmasından asılı olmayaraq, kondisioner bütün insanlarda fəsadlara səbəb ola bilər. Odur ki, tövsiyələrə əməl etmək lazımdır. Ekspertlər insanlara kondisioneri işlədərkən saata uyğun olaraq özlərinə müəyyən cədvəl hazırlamağı məsləhət görürlər. Yəni,  fasilələrlə otağı sərinlətmək məqsədə uyğun hesab edilir.  Belə olan halda  həm cibinizin, həm də sağlamlığınızın qayğısına qala bilərsiniz.


SAMİR NAMİQOĞLU