100 yaşlı Azərbaycan polisi

02 İyul 2018 08:43

Məhəmməd İmamverdiyev deyir ki, polislərin işi digər peşə sahələrindən fərqlənir. İsti demədən, soyuq demədən günün çox hissəsini yollarda keçiririlər. Qəza şəraitinin yaranmaması, təhlükəsizliyin pozulmaması üçün gecə-gündüz çalışırlar. Xüsusi günlərdə isə işləri ikiqat artır. Çünki əsas missiyaları ictimai təhlükəsizliyi qorumaqdır. Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyəti nəticəsində əvvəlki illərlə müqayisədə  qəzaların sayı xeyli azalıb. Azərbaycan polisi həm də cinayətkarlığa qarşı mübarizədə fəallıq nümayiş etdirir. Cinayətlərin açılması, cinayətkar qrupların zərərsizləşdirilməsi, odlu silahların saxlanılmasının qarşısının alınması istiqamətində mühüm uğurlara imza atılıb. Ötən ilin statistik məlumatına görə, cinayətlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Ağır cinayətlər 9, qəsdən adam öldürmə halları 9,5, odlu silahla törədilən cinayətlər 12,5 faiz aşağı düşüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində 2 min 698 cinayət törədən qrup üzvlərindən 1028-i saxlanılıb. İnsan alveri ilə məşğul olan 17 qrup zərərsizləşdirilib. Əvvəlki illərdən qalmış 418 cinayətin açılması təmin edilib. Məhkəmə və təhqiqat orqanlarından yayınan 3 min 415 nəfər təqsirləndirilən şəxs tutulub. Mütəxəssislər bildirirlər ki, əksər cinayətlərin “isti izlər”lə açılmasına səbəb daxili işlər orqanlarının peşəkarlıq səviyyəsinin yüksək olması və maddi-texniki bazanın gücləndirilməsidir. Azərbaycan tarixinin bütün mərhələlərində polislərin müstəsna xidmətləri olub. Vətən torpaqlarının müdafiəsində də polislər böyük qəhrəmanlıqlar göstəriblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ordu hələ tam formalaşmadığından məsuliyyət polis əməkdaşlarının üzərinə düşüb. Daxili işlər orqanlarının və daxili qoşunların 931 əməkdaşı döyüşlərdə şəhid olub. Xeyli sayda polis "Milli Qəhrəman" adına layiq görülüb, orden və medallarla təltif edilib. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan etdiyi polis günü sovet hakimiyyəti illərində ləğv edilsə də, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bu tarix yenidən bərpa olunub. Milli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama əsasən, iyulun 2-si artıq 20 ildir Azərbaycanda Polis Günu kimi qeyd olunur. Prezident İlham Əliyevin də polis orqanlarının işini diqqətdə saxlaması onların peşəkarlığını gündən-günə artırır, Azərbaycan polisinin fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu gün daxili sabitliyin təmin edilməsi Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycanda oğurluq, soyğunçuluq, quldurluq və digər hüquqazidd cinayətlərin sayı Avropa dövlətləri ilə müqayisədə xeyli aşağıdır. Bu sabitliyə Azərbaycan polisinin fəaliyyəti sayəsində nail olmaq mümkün olub.


SİMNARƏ HƏMİDQIZI