"Nəysə də...Mənim öz hayım özümə bəsdir" - Reyddə qarşıdurma

30 İyun 2018 13:05

Ölkənin avtomobil yollarında nəqliyyat hadisəsi qurbanlarının sayını azaltmaq üçün polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir. Yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı mütəmadi reydlər keçirilir. Növbəti belə reyd Lənkəranda şəhərin küçə və prospektlərində qayda pozan sürücülərə qarşı təşkil olunub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd şəhərin ən böyük küçəsi olan akademik Zərifə Əliyeva küçəsindən başladı.Reyd zamanı nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi aşkar olundu. Avtomobilini yüksək sürətlə idarə edən sürücülərə protokollar tərtib edildi. Nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmadan idarə edən sürücülərin maşını isə cərimə meydançasına aparıldı. Bundan başqa qadağan olunan yerdə ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma, yol ayrıcını keçmə qaydalarının pozulması, işıqforun qadağanedici işarəsinə əməl edilməməsi faktları da aşkar edildi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirməyən sürücülər haqqında qanunvericliyin tələblərinə uyğun müvafiq tədbir görüldü.Yol polisinin keçirdiyi reyd zamanı lisenziyasız taksi fəaliyyəti ilə məşğul olan sürücülərə də rast gəlindi. Bunun üçün inzibati xətalar məcəlləsində qanunla müəyyən olunmuş 40 manat cərimə nəzərdə tutulsa da bəzi taksi sürücüləri hələ də yollarda qanunsuz fəaliyyət göstərməkdədir. Lənkəran rayonunun müxtəlif yaşayış məntəqələri üzrə hərəkət edən mikroavtobuslarda oturacaq sayından artıq sərnişinin  daşınması halları da yol polisi əməkdaşlarının nəzərindən yayınmadı.Günün ikinci yarısına kimi davam edən reydlər zamanı ümumilikdə 60-yaxın avtomobil saxlanılaraq qayda pozan sürücülər barəsində inzibati qaydada tədbir görüldü.


EYYUB MƏMMƏDOV