Elmə yad olan təbii fizioloji proses...

29 İyun 2018 16:00

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Qəhrəmanımız Sima Ağakişiyeva da tez-tez yuxu görənlərdəndir. Deyir ki,  gördüyü yuxuların əksəriyyətində hündürlükdən yıxılır. Mütəxəssislər deyirlər ki, hündürlükdən yıxılmaq konkret bir əlamət deyil və nədənsə xəbər vermir. Bu yuxu, həyatınızda nəyinsə yanlış getdiyini, hardasa səhv etdiyinizi bildirir. Bu, şəxsi münasibətləriniz, işiniz, ailənizlə olan münasibətlər və s. ola bilər. Bəzən biz yatmağa başlayarkən əvvəlcə mürgüləmək vəziyyətində oluruq. Mürgü zamanı ətrafdakı bəzi səsləri eşidə bilirik. Bu zaman qəfildən biz sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa cəhd göstəririk. Gözlərimizi açdıqda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımızda uzanmışıq. Sevinc Baxışovanın sözlərinə görə, bu tip yuxular  daha çox  uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər və nəticə də travmalar yarana bilər. Gördüyünüz hər yuxunun öz mənası və anlamı var. Yuxu yozmalarına görə yuxuda hündür bir yerdən yıxılmaq həyatda müəyyən vəziyyətə qarşı sıxıntı keçirdiyinizə işarədir. Yuxuda yıxılmaq və bundan çox qorxmaq böyük çətinliklərdən uzaq olmaq, sizi uğura aparan mübarizəyə işarədir. İlahiyyatçılar deyirlər ki, yuxu ölümün kiçik bir hissəsidir və  ruhla da bağlılığı var. ABŞ yazıçısı Cek  London “Adəmdən əvvəl” adlı kitabında bu hissin meymunlardan bizə miras qalan bir instinkt olduğunu yazır. O, əksər hallarda ağac budaqlarında yaşayan meymunların, gecələr yatarkən ağacların üzərində tarazlıqlarını itirdiklərini və nəticədə olaraq bu hislə oyandıqlarını qeyd edir. Bu fərziyənin düzgünlüyü barəsində hər hansı bir şey söyləmək mümkün deyil. Çox böyük ehtimalla orqanizmimizin yuxuya fizioloji olaraq hazırlanması əsnasında meydana gələn müəyyən elektrik və hormonal dəyişikliklərin nəticəsi olan bu hissin tam səbəbi elmə məlum deyil.


RAMİL ZEYNALLI