Havada maqnit qasırğası var

28 İyun 2018 16:32

Bu günlərdə səhhətindən şikayət edən təkcə Elmira Piriyeva deyil. Onlarla insan bir neçə gündür əhval-ruhiyyəsində müəyyən dəyişikliklər hiss edir. Bu da təsadüfi hal deyil. İyunun 26-dan başlayaraq yer kürəsində maqnit qasırğası müşahidə edilir. Maqnit qasırğası nədir və orqanizmə necə təsir edir? Bu, günəşdən gələn qasırğadır. Yəni günəşin səthində ciddi partlayışlarla müşayyət olunan maqnit aktivliyidir. Partlayışlar güclü olduqda yerin maqnit sahəsi silkələnir və Yer səthində fəsadlar yaranır. Bu proses yer kürəsində ildə bir neçə dəfə təkrarlanır. Bu dəfə də özünü göstərib. Mütəxəssislər deyirlər ki, j-1sinfinə aid olan bu qasırğa zəif hesab olunur. Amma son günlər mətbuatda qasırğanın yüksək həddə çatacağı ilə bağlı yayılan məlumat insanlar arasında təşviş yaradıb. Halbuki bunun heç bir əsası yoxdur. Əgər qasırğanın həddi j-5-dək qalxarsa narahatlığa səbəb ola bilər. Mütəxəssislər hazırda yer kürəsində müşahidə edilən qasırğanın gücünün texnoloji sistemə təsir göstərdiyini istisna etmirlər. Maqnit qasırğasının insan orqanizmində diskomfort yaratdığı da istisna edilmir. Həkimlər təsdiqləyirlər ki, bu, daha çox ürək-damar xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkənlərə, həmçinin şəkərli diabet xəstələrinə mənfi təsir göstərir. Maqnit qasırğası iyunun 29-dək tamamilə səngiyəcək. Odur ki, mütəxəssislər o vaxtadək səhhətinizə diqqət yetirməyi, məişətdə istifadə etdiyiniz elektron qurğularla ehtiyatlı davranmağı məsləhət görürlər.


SİMNARƏ HƏMİDQIZI