"Lalə"nin "Buta"sı...

27 İyun 2018 16:31

Bir vaxtlar Azərbaycanda qadınlardan ibarət "Lalə" ansamblı var idi.  Azərbaycanda qızların musiqiyə kütləvi gəlişini, qadınlara yad görünən alətlərdə ifa etmə ənənəsini mavi ekrana bu ansambl təlqin etdi desək, yanılmarıq. Düzdür, el şənliklərində, xüsusən də toylarda qadınlardan ibarət üçlüklər çıxış edirdilər. Amma bütün alətlərdə qızların ifası bir ilk idi. Bu qrup fəaliyyətini dayandırdıqdan sonra demək olar ki, yalnız qadınlardan ibarət olan ansambla rast gəlinmirdi. Artıq əminliklə demək olar ki, Azərbaycanda zərif cinsin nümayəndələrindən ibarət yeni bir ansambl var. Bu, Sumqayıt şəhərində Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin qadın müəllimlərindən ibarət yaranan "Buta" xalq çalğı alətləri ansamblıdır.   Yanvar ayında yaranan bu kollektivin 20-ə yaxın üzvü var ki, onların 14 nəfəri müxtəlif xalq çalğı alətlərinin ifaçısıdır. Kollektivin 6 üzvü isə müğənni kimi fəaliyyət göstərir. Yeni yaranan kollektiv ictimaiyyət tərəfindən də maraqla qarşılanıb və onlar demək olar ki, bütün şəhər tədbirlərində öz rəngarəng çıxışları ilə ictimaiyyətin zövqünü oxşayır. "Buta"  xalq çalğı alətləri ansamblı qısa zaman kəsiyində hər kəsin sevgi və rəğbətini qazanmağı bacarıb. Ansambl xalq mahnıların qorunub saxlanmasına və onların gələcək nəsillərə çatdırılmasına da çalışır. Kollektiv repertuar seçiminə də diqqətlə yanaşır və əsasən xalq mahnılarına üstünlük verirlər. Qızlar ansamblı respublikamızda rəngarəng musiqi nömrələri ilə çıxış etməklə yanaşı, beynəlxalq miqyaslı tədbirlərdə də ölkəmizi təmsil etmək niyyətindədirlər. Onlar bu məqsədlərinin reallaşması üçün öz üzərlərində çalışır və mədəniyyətimizə tövhələr verə biləcəklərinə ümid edirlər.


RAMİL ZEYNALLI