Yoqanın mənəvi və fiziki faydası

21 İyun 2018 09:57

Günümüzü əsəb-stressiz təsəvvür etmək mümkün deyil. Hər kəs gərginlikdən qurtulmaq üçün bir yola əl atır. Gərginlikdən xilas olmaq, bədəni yeniləmək ən çox üz tutulan vasitələrdən biri isə yoqadır. Ümumiyyətlə yoqa nədir, nəyə lazımdır və bununla kimlər məşğul ola bilər? 10 ilə yaxındır yoqa ilə məşğul olan Gültəkin xanım bu sahəyə gərgin iş rejimindən azad olmaq üçün tutduğunu deyir. Bir müddətdən sonra müsbət təsirini hiss edib və yoqa ilə daimi məşğul olmağa qərar verib. Yoqa ilə məşğul olub onun nəticəsini hiss etmək üçün bir gün, bir ay və ya hansısa konkret vaxtı qeyd etmək doğru deyil. Onun təsiri insanlara görə dəyişir və tədricən məşğələlər zamanı hiss edilir. Yoqa fəlsəfəsinə görə, beyin, ağıl susan zaman insan kainatla birləşir. Bu zaman informasiya bankından ona lazım olan məlumatı alır. Yoqa insan psixologiyası ilə yanaşı, həm də sağlamlıq problemlərinə müsbət təsir göstərir. Təlimçilər deyir ki, ürək-qan-damar xəstəliklərinin müalicəsi zamanı yoqa ilə məşğul olmaqla müsbət nəticəyə daha tez nail olmaq mümkündür. Yoqa təlimində olan nəfəs texnikaları isə ağciyər və bronxların fəaliyyətini yaxşılaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, bir sıra insanlar yoqanı cavanlaşmanın mənbəyi hesab edirlər. Bəzən internetdə hər hansı bir videoya baxıb onu təkrar etməyə çalışanlar da olur. Mütəxəssislər deyir ki, bu isə həm psixoloji, həm də fiziki zədə ilə nəticələnə bilər. Bu səbəbdən yoqa ilə məşğul olmaq istəyən hər kəs ilk növbədə peşəkar yoqa təlimçilərinə müraciət etməlidir. Bundan əlavə  təlimçidən onu da öyrəndik ki, əgər insan yoqa ilə məşğul olarkən onun bədənində hər hansı bir gərginlik olarsa, o, artıq yoqa deyil, sadəcə, aerobika və gimnastikadır. Çünki yoqanın məqsədi əzələ və beyinin dincliyidir.


LEYLA ABBASOVA