Çimərlik mövsümü başladı

19 İyun 2018 10:38

Dəniz, Günəş, qum... Yay gəldisə, istirahət üçün vacib olan bu imkanlardan hər kəs yararlanmağa çalışır. Mütəxəssislərin sözlərinə görə, günəş şüaları dəriyə dərindən təsir göstərəndə qan damarlarının genişlənməsinə və hərarətin artmasına səbəb olur. Nəticədə tərləmə yolu ilə bədənin toksinlərdən təmizlənməsi prosesi gedir. Bunda əlavə günəş işığı beynin hormonal funksiyalarının normal fəaliyyətinə də kömək edir. Amma çimərliklərə üz tutmağa hazırlaşanları düşündürən bir məsələ var. Onların sanitar vəziyyəti tələblərə cavab verirmi? Bu məqsədlə Gigiyena və Epidemiologiya Mərkəzi paytaxt çimərliklərində monitorinq aparıb. İstirahətə yararlı olan Abşeron çimərliklərində təhlükəsizlik qaydalarına da xüsusi diqqət yetirilir. Ərazilərə ümumilikdə 100-dən artıq texnika, 400-ə yaxın xilasedici cəlb edilib. Bəzi çimərliklərin ərazisində sahilboyu maarifləndirici lövhələr quraşdırılıb. Təkcə qalır, istirahət edənlərin bu qaydalara əməl etməsi. Monitorinq zamanı çimmək üçün qadağan olunan ərazilərin də olduğu müəyyən edilib. Təəssüf ki, dəfələrlə edilən bu xəbərdarlıqlara məhəl qoymayanların sayı kifayət qədər çoxdur. Hər il olduğu kimi, bu mövsüm də insanlar həmin çimərliklərə üz tutmaqdan çəkinmirlər. Həkimlər həyəcan təbili çalırlar. Tələblərə cavab verməyən çimərliklərdə istirahət infeksion, mədə-bağırsaq və digər xəstəliklərlə nəticələnə bilər. Həkimlərin sözlərinə görə, dəniz kənarında günəş şüasının ifrat dərəcədə qəbulu da olduqca zərərlidir. Bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə, hətta bədxassəli şişlərin yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, insanların dənizə getmək saatlarını düzgün seçməsi də sağlamlıq üçün olduqca önəmlidir. Günorta saat 12-dən 16-dək çimərliklərdə vaxt keçirmək olmaz. Əks halda Günəş şüaları orqanizmə mənfi təsir edə bilər. Ekspertlər çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsini də vacib sayırlar. Abşeron çimərlikləri təkcə ölkə vətəndaşlarının deyil, xaricilərin də yay aylarında müntəzəm üz tutduğu məkandır. Bu məqsədlə prezident İlham Əliyev ötən il 2017-2020-ci illəri əhatə edən çimərlik turizminin yaradılmasına dair sərəncam imzalayıb. İlkin tələb kimi “mavi bayraq” əldə edilməsi qoyulub. Yəni çimərliklərdə gigiyenik və təhlükəsizlik qaydalarına əməl edilməsi, xidmət səviyyəsinin yüksək həddə çatması əsas şərtlərdən biridir. Bu tələb ölkəyə turist axınının daha da artırılmasına hesablanıb. Mütəxəssislərin sözlərinə görə, çimərlik turizminin formalaşmasında İspaniya, Türkiyə, Yunanıstan və Fransanın təcrübəsindən istifadə oluna bilər. Azərbaycanda bu sahədə Avropa standartlarından istifadə edilməsi ilə bağlı layihə artıq hazırdır. Bu layihə həm çimərlik turizmində keyfiyyətin yüksəldilməsinə hesablanıb. Həm də qiymətlərin yerli vətəndaşların cibinə uyğun olması nəzərə alınıb.


SİMNARƏ HƏMİDQIZI