"SON ZƏNG" - "ƏLVİDA MƏKTƏB..."

13 İyun 2018 18:54

Bu zəng onun üçün də çalınacaq. 11 illik məktəb həyatına əlvida deyərək müstəqil həyata qədəm qoyacaq. Nurcan Əliyeva ali məktəb imtahanlarına hazırlaşmaqla yanaşı, son zəng həyəcanını da yaşamaqdadır. 14 iyun - "Son zəng". Bu tarix çoxları üçün adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. "Son zəng" Sovet dönəmində, eləcə də dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilədək mayın 25-də qeyd olunub. 2005-ci ildən sonra ənənəvi tarix ləğv edilib və 2016-cı ilədək təhsil ocaqlarında "Son zəng" mayın 31-də çalınıb. 2016-cı ildən isə bu gün iyunun 14-də qeyd olunur. “Son zəng”in iyunun 14-nə təyin edilməsi dərs ilinin daha 2 həftə uzanması deməkdir. Bu, heç də birmənalı qarşılanmır. Azərbaycanda tədris ili əvvəllər 31-32 həftə olub. Sonradan dünyanın inkişaf etmiş ölkələrinin tədris sisteminə uyğunlaşdırılıb 34-35 həftəyə çatdırılıb. Dərslərin sentyabrın15-də başlayıb iyunun 14-də başa çatması tədrisin keyfiyyətinin yüksəlməsinə hesablanıb. Ekspertlər hesab edirlər ki, dərs ilinin xüsusilə də yaya doğru uzanması məktəblilər üçün əlavə çətinliklər yaradır. Ekspertlər səbəb kimi həm də məktəblərdə kondisioner və soyutma sisteminin olmamasını, şagirdlərin gedib-gəlməsi üçün nəqliyyatla təmin edilməməsini göstərirlər. Bildirilir ki, havanın isti keçməsi də dərsin gedişatına mənfi təsir edir. Elə bölgələr var ki, istilik 40 dərəcəyə çatdığından dərslərin keçirilməsi müşkülə çevrilir. Xüsusilə də, ibtidai siniflər bundan daha çox əziyyət çəkirlər. Azyaşlılarda yorğunluq və psixoloji gərginlik yaranır. Təhsil Nazirliyindən verilən məlumata görə isə, tədris müddətinin yenidən dəyişdirilməsi məsələsinə baxılması gündəmdə deyil. Qarşıdakı illərdə də dərslər sentyabrın 15-dən başlayıb, iyunun 14-də başa çatacaq.


SİMNARƏ HƏMİDQIZI