Bu əşyaları hamamda saxlamayın!

11 İyun 2018 18:34

Hamam evimizdə gigiyenik təmizlik üçün ən vacib bucaqlardan biridir. Müsahibimiz Səriyyə Əfəndiyeva kimi  əksəriyyət hamamda etdiyi hər şeyin düzgün olduğunu düşünür. Burada saxladığımız gigiyenik vasitələrin digər şəxslər tərəfindən istifadə edilməsi  isə əlavə problemlərə  yol aça bilər. Hamamda saxlanılan 4-5 nəfərin diş fırçası bəzən bir qabda saxlanılır. Hər bir insanın ağzında yüzlərlə mikrob var ki, bu da digər bir şəxsin  hansısa bir xəstəliyə yoluxma ehtimalını  artırır. Bu mümkün olmadığı təqdirdə isə hər bir şəxsin diş fırçası xüsusi germetik qablarda qorunmalıdır. Bəzi insanlar ətirləri də hamamda saxlayırlar ki, bu da həmin ətrin qoxusunu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişikliyə səbəb olur. Xanımların da diqqət edəcəyi məqamlar var. Zərif cinsin nümayəndələri makiyaj ləvazimatlarını hamamda saxlamalı deyillər. Əks təqdirdə son istifadə tarixi yetişmədən belə həmin məhsullar xarab ola bilər. Təraş bıçaqlarını hamamda saxlamaq isə demək olar ki hər bir kişinin vərdişidir. Ancaq bu alışqanlığınızdan sağlamlığımız üçün vaz keçməliyik. Odur ki,  ailəmizi qorumaq üçün evdə gigiyena təmin etməyə xüsusi əhəmiyyət verməli və təmizliyimizi sağlamlıq qaydalarına uyğun olaraq görməliyik.


RAMİL ZEYNALLI