Gürcüstanda ilk azərbaycanlı xanım DEPUTAT

08 İyun 2018 11:26

Pəri Sofiyeva tək Gürcüstanda deyil, ümumilikdə müsəlman dünyasında ilk qadın deputat hesab olunur. O, 1884-cü ildə Borçalı Mahalının Qaracalar  kəndində dünyaya göz açıb. Çar Rusiyası dövründə məşhurluq qazanan Pəri xanım 1918-ci ildə yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasından olan rəqibini məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə üzv seçilib. Heç bir partiyada təmsil olunmayan Pəri Sofiyeva dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın kimi tarixə düşüb. O, Gürcüstanın dövlətçilik tarixində hörmət və ehtiramla anılır. Bu günlərdə vaxtı ilə yaşadığı Qaracalar kəndində qəbirüstü abidəsinin ucaldılması və büstünün qoyulması da Rəsmi Tbilisinin tarixi şəxsiyyətə münasibətinin göstəricisi oldu. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili Pəri Sofiyevanın büstünün açılışınının həm də gələcək nəsillərə örnək olduğunu deyib. Bildirib ki, bu hadisə Gürcüstan dövlətinin tarixi şəxsiyyətlərə münasibətinin göstəricisi hesab oluna bilər. Pəri xanım Sofiyeva çox ağır günlər yaşayıb. Bolşevik işğalından sonra 1921-ci ildə bütün mülkləri müsadirə edilib. Bolşeviklərə və Sovet idarəçiliyinə qarşı olan ilk qadın deputatın 8 qardaşından 5-i güllələnərək kütləvi məzarlıqlardan birində dəfn edilib. Qardaşlarının öldürülməsindən sonra o, həyatını onların övladlarının yetişdirilməsinə sərf edib. Pəri xanım Sofiyeva 1951-ci ildə vəfat edib və dünyaya göz açdığı Qaracalar kəndində dəfn olunub. 


 AZƏR MƏMMƏDOV