“The Jerusalem Post” Şuşadan yazdı

12 May 2018 17:44

"Erməni qoşunları tərəfindən Şuşanın işğal edilməsindən 26 il keçdi. Şuşanın süqutu Dağlıq Qarabağın, Azərbaycanın beynəlxalq aləmdə tanınmış tarixi ərazisinin Ermənistan tərəfindən hərbi işğalında son mərhələ oldu". Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “Jerusalem Post” qəzetində dərc olunan məqaləsində bu barədə yazır. Müəllifi qeyd edir ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Onun zəngin mədəni abidələri, tanınmış rəssamları və musiqi, incəsənət, memarlıq və ya ədəbiyyat sahəsində mütəfəkkirləri geniş şöhrət tapıb. Öz ölkəsi və incəsənəti ilə, mədəniyyəti və təhsili ilə həmişə fəxr edən azərbaycanlılar üçün əslən Şuşadan olan Üzeyir Hacıbəyli, Bülbül, Natəvan, Vaqif, Xan Şuşinski, Bədəlbəylilər, Qaryağdı, Niyazi, Mehmandarov, Rəşid Behbudov və neçə-neçə başqa adlar xüsusi əhəmiyyət kəsb edir. İsrailli ekspert yazır ki, 1991-ci ildə başlanmış Qarabağ müharibəsi dövründə Şuşanın bir sıra binaları, o cümlədən məşhur tarixi-memarlıq kompleksləri, təəssüf ki, dağıdılıb. 170-dən çox bina, 160 mədəniyyət və tarix abidəsi, məscidlər, nadir əlyazmalar erməni vandalizminə məruz qalıb. 1992-ci il mayın 8-dən 9-na keçən Azərbaycanın neçə-neçə mərd oğlu Azərbaycanın incisi, milli mədəniyyət bastionu Şuşanı müdafiə edərkən həlak oldular. Onların arasında bir yəhudi - Azərbaycan vətəndaşı Albert Aqarunov da vardı. Azərbaycanda Albert Aqarunovu sevirlər və onun xatirəsinə həmişə ehtiramla yanaşırlar.  “Azərbaycanın Şuşa şəhərinin işğalı və Azərbaycanın milliyyətcə yəhudi olan Milli Qəhrəmanı” sərlövhəli yazıda qeyd olunur ki, Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib, heç bir təqsiri olmayan 195 mülki şəxs öldürülüb, 165 nəfər yaralanıb, 58 nəfər indiyə qədər itkin düşüb. Şuşanın 24.000–dən çox sakini etnik təmizlənməyə məruz qalıb.