Fransa mətbuatı Şuşanın işğalından yazdı

08 May 2018 14:54

1992-ci il mayın 8-i azərbaycanlılar üçün Şuşanın Ermənistan ordusu tərəfindən işğal olunduğu kədərli gündür. Bu fikirlər Fransa mətbuatında dərc olunan və Şuşanın işğalından bəhs edən məqalədə yer alıb. Yazının müəllifi - Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel qeyd edir ki, Milli musiqi beşiyi olan Şuşada Azərbaycan mədəniyyətinin ən gözəl səhifələri yazılıb. O, Ermənistan silahlı qüvvələrinin Şuşada tarixi, mədəni abidələri dağıtdığını diqqətə çatdırır. Şuşanın 26 ildir işğal altında olduğunu vurğulayan müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ərazimizin 20 faizinin zəbt olunmasından, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, BMT TŞ-nin 4 qətnaməsindən bəhs edir. Bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa işğal olunan torpaqların azad edilməsinə və qlobal barışıq çərçivəsində qaçqınların hüquqlarının tanınmasına əsaslanan sülh təşəbbüsünü yeniləməlidir.