28 may Nebraskada Azərbaycanın Milli Günü elan edildi

07 May 2018 11:41

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 may tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb. Sənəddə 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar verən ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Həmçinin bəyannamədə bu il 28 may tarixində ABŞ və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir. Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.