Arzusunu çin edən ŞƏHİD - Mirsalam Cəfərov

23 Aprel 2018 14:20

Mirsalam Cəfərov təmas xəttinə yaxın rayonlardan olan Tovuzun Bayramlı kəndində doğulub boya-başa çatmışdı. Düşmənin atəşkəsi pozması nəticəsində yağdırdığı güllə yağışının sədası hələ kiçik yaşlarından onun yaddaşında silinməz izlər buraxmışdı. Hər bir azərbaycanlı kimi Mirsalam da doğma torpaqlarımızın işğal edilməsinə soyuqqanlı yanaşa bilmirdi. Onun erməni qəsbkarlarına qarşı qisas yanğısı hər keçən gün daha da alovlanırdı. Bu səbəbdən də orta məktəb illərindən həyatını hərbiyə həsr etməyə qərar verir. 2016-cı ilin aprel döyüşləri Mirsalamın köksünü dəlib deşən qisasını almaq üçün yaranan fürsət idi. O, silahdaşları ilə birlikdə bu fürsəti layiqincə dəyərləndirərək canları, qanları bahasına Azərbaycana zəfər qazandırırlar. Goranboy rayonunda gedən döyüşlərdə, düşmənin kəşfiyyat diversiya qrupunun hücumunun qarşısını alarkən Mirsalam qəhrəmancasına həlak olur. İnsanlar qəhrəman olmurlar, qəhrəman doğulurlar. Mirsalam Cəfərov da qəhrəman doğulanlardan idi. O, canından çox sevdiyi Vətəni üçün bir an olsun belə ölümdən qorxmadı. Döyüş meydanında yaralanan yoldaşlarının köməyinə çatdı, onları xilas etdi. Onun göstərdiyi bu qəhərəmanlıq ölümündən sonra “igidliyə görə” medalı ilə təltif edildiÜçrəngli bayrağımızı Şuşada dalğalandırmaq nəsibi olmasa da Mirsalam bu ali missiyanı həyata keçirəcək əsgərlərimizə əsl vətənpərvərlik nümunəsi oldu. Hələ aprel döyüşlərindən bir il əvvəl sosial şəbəkədə yazdığı statusu onun arzularının, məqsədinin nəyə kökləndiyini yaxşı təcəssüm etdirirdi. Düşmən nə qədər hiyləgər olsa da o, Azərbaycan övladlarının qarşısında qorxaq, acizdir. Çünki Azərbaycanının Koroğlu, Babək, Mübariz, Fərid, Çingizi kimi güclü, şir ürəkli övladları var. Torpaq uğrunda şəhid olan mərd oğullarımızı nə Vətən, nə də ki, xalqımız unutmur, əksinə onlar bizim qəlbimizdə yaşayır və daim da yaşayacaq.


HİCRAN NƏSİBOVA