Arizona ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

16 Aprel 2018 15:56

ABŞ-ın Arizona ştatının Senatı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edilib. Sənəd Senatın plenar iclasında oxunduqdan sonra yekdilliklə qəbul edilib. Bəyannamə Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsuluna təqdim olunub. Senat sədri Stiv Yarbrou tərəfindən imzalanan bəyannamədə, 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilib. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanıb. Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilib və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunub.