Atadan 3 oğula qalan miras...

16 Aprel 2018 10:55

Eyvazovlar ailəsinin bu sənətə olan marağı və misgərliyi gənc nəslə çatdırma həvəsi onları ölkənin hüdudlarından kənara da aparıb. Qəhrəmanım Zahid Eyvazov bu qədim sənəti 14 yaşında olarkən atasından öyrənib. O, misgər kimi fəaliyyətə Dağıstanda başlayıb. Zahid Eyvazov hazırda 42 illik peşəsini Bakının birinci sənətkarlar məhəlləsi hesab edilən, Kubinka kimi tanınan ərazidə davam etdirir. Zahid Eyvazov kimi qardaşları - Zakir və Mehman da atalarının sənətini davam etdirirlər. Onların sözlərinə görə, yaratdıqları əl işlərini əldə etmək üçün müştərilər hətta xaricdən belə onlara üz tutur. Səbəb görülən keyfiyyətli işin münasib qiymətə təklif edilməsidir. Qardaşların sonuncusu Mehman deyir ki, tələbat daha çox mis samovarlara olur.  Onun hazırlanması qışda çətinlik yaratsa da, yayda zövq verir. Eyvazov qardaşları bildirirlər ki, onlar hazırda da sənətin görünməyən incəliklərini öyrənmək üçün 87 yaşlı atalarının tövsiyələrindən bəhrələnirlər.  Nəsildən-nəsilə keçən misgərliyi yaşatmaq üçün bu gün isə övladlarına bu sənətin sirlərini öyrədirlər.


SAMİR NAMİQOĞLU