Mübariz İbrahimov onun idealı idi...

06 Aprel 2018 11:10

2016-cı ilin Aprel döyüşləri Ordumuzun işğalçı Ermənistan üzərində qələbəsi kimi tarixə düşdü. Bu döyüşlər hərb tariximizin şanlı səhifəsidir. İllər sonra Qarabağda çalınan zəfər xalqımıza hədsiz sevinc və qürur hissi bəxş etdi. Təəssüflər olsun ki, döyüşlər itkisiz də ötüşmədi. Azərbaycanın igid oğulları Vətən uğrunda qəhrəmancasına canlarından keçərək ən ali zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər. Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərdi. Şəhidin anası Ceyran Axundova deyir ki, Əbdülməcid hər zaman işğalda olan torpaqlarımız haqqında danışar və ərazilərimizin azad olunması uğrunda lazım gələrsə şəhid olmağa da hazır olduğunu bildirərdi. Ceyran xanım şəhid oğlunun uşaqlığını xatırlayanda sanki xəyala dalır. Onun dili danışsa da, gözləri bir nöqtəyə zillənib. Sanki bütün bunlar onun gözünün önündən bir lent kimi keçir. Şəhid anası onu da bildirir ki, oğlu Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş. Azərbaycan əsgərləri öz canları, qanları bahasına bu qələbələri qazandılar. Beləcə düşmənin öz ordusu haqqında formalaşdırdığı yanlış təsəvvürləri, əfsanələri yerlə-yeksan etdilər. İgid qəhrəman oğullar bir daha sübut etdilər ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Belə bir deyim var: "Heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Ancaq bu cismani ölüm onun həyatının sonu deyil. Çünki şəhidlər ölməzdir. Təki, Vətən sağolsun!  Əbdülməcidlər də rahat uyusun!


RAMİL ZEYNALLI