"Murov qartalı"nın Aprel fəthi...

04 Aprel 2018 11:58

2016-cı ilin Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının hamısı qəhrəmandır. Onların bir neçə gün davam edən döyüşlərdə göstərdikləri igidliyi indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Vaxtilə cəbhənin ən çətin və mürəkkəb istiqamətində – Murovdağda kəşfiyyatçı kimi göstərdiyi igidliklər hələ sağlığında onun haqqında əfsanələrin yaranmasına səbəb olub. Şanlı Ordumuzda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi hərbçilər arasında dərin hörmət və ehtiram qazanıb. Sevinc xanımın Raqufla birgə Murovdağdan başlayan ömür yolu Qarabağın hər bölgəsində özünə bir iz qoyub.1998-ci ildə ailə həyatı qurublar. Raqufun az sonra əsgərlik həyatı başlayıb. Sevinc xanım soyuq bir qış günündə həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib. Bu şəhər qızını buraların soyuğu, sazağı qorxutmayıb. Necə deyərlər, “yar yolunda boran olar, qar olar”. Sevinc xanım düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durub. Raquf Orucovun keçirdiyi bir neçə xüsusi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin tarixində demək olar ki, nadir sayılır. Sevinc Orucova  həyat  yoldaşı ilə sonuncu dəfə 2016-cı ilin martın 21-də görüşüb. “Vətən Ana deməkdir. Bu iki məfhum bir-birindən ayrı ola bilməz. Amma mən onların hər ikisini səngərin o biri üzündə qoyub gəlmişəm...” Bu sözlər də əfsanəvi qəhrəmana məxsusdur. Ürəyi daim Vətən eşqi ilə döyünən qəhrəmanımız şəhid olduğu günədək bir çox təltiflərə, o cümlədən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülüb. Nur içində yat  polkovnik-leytenant Raquf Orucov.


RAMİL ZEYNALLI