XİN bəyanat verdi

02 Aprel 2018 15:11

"Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanatında bildirib. O, qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib. İşğal nəticəsində 60 minə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz dogma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır. Hikmət Hacıyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir: Hikmət Hacıyev vurğulayıb ki, rəsmi Yeravan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Hikmət Hacıyev əlavə edib ki, Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməlidir.