İlan kimi “sancan” qida məhsulları...

12 Mart 2018 09:49

Tərifi yaxşı səslənsə də açıq havada satılan qidaların necə bişirilməsi göz qabağındadır. Əlcəksiz hazırlanan bu qida məhsullarını bişirənlərin hansısa xəstəliyinin olub-olmadığını da dəqiq bilmək çətindir. Buna baxmayaraq, küçədə satılan dönər və un məmulatlarını alıb yeyənlər heç də az deyil. Mütəxəssislər bildirirlər ki, açıq havada satılan qidaları alanlar mikrob və bakteriyalarla yanaşı, quşlar, ağcaqanadlar, pişiklər və itlərdəki viruslara da yoluxa bilərlər. Çünki heyvanlardakı viruslar hava axını vasitəsilə asanlıqla qidaların üstünə hopur. Qidaların gigiyenik tələblərə cavab verməyən yerlərdə hazırlanması zəhərlənmələrə də gətirib çıxara bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, təkcə Bakıda təxminən 15 mindən çox dönərxana var. Və bu dönərlərin hazırlanmasında istifadə olunan ət məhsulları mənfi 20 dərəcədə dondurulduqdan sonra bişirilməlidir. Onun hazırlandığı yerlərə də xüsusi diqqət yetirilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, alıcının haqqı var ki, aldığı dönərin gigiyenik sertifikatını tələb etsin. Amma reallıq onu göstərir ki, alıcıların əksəriyyətini bu sənəd maraqlandırmır. İstənilən halda seçim sizindir. Əgər sağlamlığınızın keşiyində durmaq istəyirsinizsə, aldığınız qidaların necə hazırlandığına və harada satılmasına fikir verməniz məsləhətdir.


SAMİR NAMİQOĞLU