Ermənistandan növbəti ərazi iddiası

07 Mart 2018 18:40

Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir. Qonşularına qarşı irəli sürülən ərazi iddiaları bəzən qabardılır, bəzən isə arxa plana keçirilir. Martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalanıb. Müqaviləyə əsasən İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql etməlidir. Sazişin imzalanmasından bir az vaxt keçən kimi Ermənistan mətbuatı Urmiya gölünün qurumasının dırnaqarası qayğısına qalaraq yazıb ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür. Sonra qeyd edib ki, “Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir”. Ermənilərin hazırladıqları qondarma xəritədən də görünür ki, digər qonşu dövlətlər ilə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilib. Regionda böyük qüvvələrin sifarişini yerinə yetirərək müstəqil xarici siyasət apara bilməyən Ermənistan bilir ki, İran sərhədləri tam bağlasa ölkədə aclıq başlayacaq. İranın gücü qarşısında Ermənistanın acizliyini isə sübut etməyə ehtiyac yoxdur. Lakin Ermənistanın düşdüyü iqtisadi məngənə onu ehtiyatlı davranmağa məcbur edir. İmkan yaranan kimi erməni siyasətçilər İrana qarşı ərazi iddialarını açıq şəkildə irəli sürəcək və kömək üçün arxalandıqlarına, daha doğrusu, onları buna sövq edənlərə müraciət edəcəklər.