Ermənidən Xocalı etirafı

02 Mart 2018 14:46

ABŞ-dakı erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamının Ermənistan qoşunları tərəfindən törədildiyini etiraf edib. Məsələ ondadır ki, Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı dinləmələr keçirilib. Toplantıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunan məlumatlar səsləndirilib. Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri faktlara əsaslanan çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Suallardan yayınmağa çalışan senator Portantinoya erməni icmasının üzvləri dəstək verməyə çalışıblar. Onlardan biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib.