XİN rəhbəri girovlara azadlıq tələb etdi

28 Fevral 2018 14:17

Ermənistanın qanunsuz girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi vacibdir. Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə bu məsələyə diqqət çəkib. Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu bir daha vurğulayıb. Görüşdə komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi təqdir olunaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi bildirilib.