Rəsmi Bakı qətnaməyə sərt reaksiya verdi

23 Fevral 2018 16:54

Rəsmi Bakı Niderland parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarını qərəzli və qeyri-obyektiv hesab edir. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil. Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma erməni soyqırımının tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir. Nazirlik rəsmisi tarixi faktları xatırladaraq vurğulayıb ki, I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib. Sitat: "Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı soyqırımıdır. Niderland Krallığının Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik". Sitatın sonu.


Ankara da Niderland parlamentinin Nümayəndələr palatasının uydurma erməni soyqırımının tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyib. Türkiyə Xarici işlər nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Türkiyənin Avropa birliyi naziri Ömər Çelik qərarı qınadıqlarını,Türkiyə üçün bu addımın heç bir qanuni əhəmiyyətinin olmadığnı deyib. Artıq məsələ ilə bağlı Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bu qərarla bağlı Türkiyənin narazılığı təqdim olunub.