Bir gündə 3 ev soyan şəxs saxlanıldı

19 Fevral 2018 16:33

Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Elmin İsayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.