Xocalı soyqırımı Fransa mətbuatında

15 Fevral 2018 17:05

Fransa mətbuatı Xocalı soyqırımından yazıb. “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir. Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilən insanların cəsədlərinə işgəncə verilməsindən və onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb. Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb.