Saxta pul hazırlayanlar tutuldu

14 Fevral 2018 16:59

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 min 700 saxta manatı 2 min 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4 min 900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər. Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.