Sumqayıtda dini radikalizm müzakirə olundu

14 Fevral 2018 09:10

"Yeni yaradılan İlahiyyat İnstitutunda dini yazarlarımız yetişdiriləcək" . Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, onlar öz əsərlərində Azərbaycanın milli mənəvi dəyərlərini nəzərə alacaqlar. Məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır. Xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur. Səyavuş Heydərov onu da bildirib ki, onlar oradakı dini ideologiyaların təsirinə məruz qalır və həmin ölkələrdə hazırlanan ədəbiyyatlardan istifadə edirlər. Bu və digər fikirlər Sumqayıtda "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda keçirilən seminar-müşavirədə diqqətə çatdırılıb. Toplantıda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb. Natiqlər dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıblar. Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğu qeyd olunub.


RAMİL ZEYNALL