Ermənistanın tutduğu mövqe pislənildi

13 Fevral 2018 18:42

"Metsamor AES təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyidir" bu fikri millət vəkili Fuad Muradov Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Tbilisidə keçirilən iclasında səsləndirib. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Rey qurumun Ermənistandan stansiyanın bağlanmasını tələb etdiyini, lakin Yerevanın bu tələbi hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyəti, Metsamorla bağlı məsələnin Avronest Parlament Assambleyasının xüsusi məruzəsinə daxil olunmasını təklif edib. Fuad Muradov bildirib ki, Türkiyənin Afrində və digər bölgələrdə həyata keçirdiyi antiterror əməliyyatları zamanı sağ qalan terrorçular Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində və bəzi Avropa ölkələrində gizlənirlər. Sonradan onlar həmin bölgə və ölkələrdə terroru yaymaqla məşğul olurlar. Təəssüf ki, Avropa İttifaqı buna münasibət bildirmir.  Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasında Azərbaycanın birinci yerdə olduğu söylənilib. Bu erməni deputatlar tərəfindən qısqanclıqla qarşılanıb və onlar Azərbaycan haqqında həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymağa, eləcə də Azərbaycan-Gürcüstan dostluğuna zərər vurmağa yönələn çıxışlara səy göstəriblər. Lakin nümayəndə heyətimiz onların bu təxribatının qarşısını alıb. Erməni deputatlar isə ikinci çıxışdan imtina ediblər.


AZƏR MƏMMƏDOV