Bazar qiymətindən ucuz maşın və ev...

13 Fevral 2018 14:39

Maşınları, evləri bazar qiymətindən ucuz da almaq olurmuş. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclar vasitəsilə mümkündür. Amma hazırda əhalinin əksəriyyəti həmin hərraclarda necə iştirak etməyin yollarını bilmir. Sən demə hərraca çıxarılan əmlaklar barədə məlumatlanıb, prosesdə iştirak etmək üçün komitənin rəsmi saytına baxmaq kifayət edir. Prosedur çox sadədir. Hərraca çıxarılan əmlaka qiyməti komitənin keçirdiyi tender və satınalma prosesində müvəkkil olunmuş qiymətləndiricilər qoyur. Bu zaman müəyyən nüanslar nəzərə alınır. Hərracda iştirak edənlər əmlaka qoyulan start qiymətin 1 faizindən az olaraq təklif səsləndirə bilməzlər. Qalibin müəyyən edilməsi üçün isə 60 saniyə vaxt ayrılır. Prosesdə iştirak etmək üçün hərracın keçirildiyi komitəyə getməyə də ehtiyac yoxdur. Bunu online da etmək mümkündür. Hərraca çıxarılan əmlakların fotoşəkilləri, yerləşdiyi bölgələri, hərracın ilkin start qiyməti  və mövcud vəziyyəti ilə bağlı məlumatlarla Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında tanış olmaq mümkündür. Hərracdan əldə olunan gəlirlərin isə dövlət hesabına daxil edildiyi bildirilir.


SAMİR NAMİQOĞLU