Həmsədrlər bəyanat yaydılar

12 Fevral 2018 14:21

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar. Həmsədrlər işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə də baş çəkiblər. Həmsədrlər qoşunların təmas xəttində ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar. Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər.