"News Blaze" Azərbaycandan yazdı

10 Fevral 2018 14:11

Azərbaycanda qadınlara seçki hüququ dünyanın ən azad ölkəsi kimi tanınan ABŞ-dan tez verilibsə, bu açıq cəmiyyəti gələcəkdə nələrin gözlədiyini təsəvvür edirsinizmi? Bu fikirlər amerikalı jurnalist Nyurit Qrinqerin Azərbaycanla bağlı “News Blaze” portalında yerləşdirdiyi məqalədə yer alıb. Müəllif bildirib ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində ümumi seçki hüququ həyata keçirilib. Bu, Azərbaycanı qadınların azad olduğu və onlara seçki hüququ verildiyi ilk müsəlman ölkəsi edib. Yazıda o da vurğulanır ki, multikulturalizmin Azərbaycan modeli çoxkonfessiyalı və polietnik cəmiyyətin ahəngdar həyatını tənzimləyən universal və funksional alqoritm kimi dünyada getdikcə daha çox tanınır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən müəllif yazır ki, nəticəsiz diplomatik səylərin, öz evlərini tərk etməyə məcbur olan və Azərbaycan hökumətinin müxtəlif regionlarda yerləşdirdiyi 1 milyon qaçqın və məcburi köçkünün, habelə bu ədalətsizlikdən əziyyət çəkən əhalinin ağrı-acısına baxmayaraq Azərbaycan bütün vətəndaşlarını əhatə edən və yaxşı tanınan tolerantlıq, dinc yanaşı yaşama yolu ilə gedir. Nyurit Qrinqer sonda qeyd edir ki, neftlə zəngin ölkə olmasına baxmayaraq, bu, Azərbaycanın əsas sərvəti deyil. Ölkənin başlıca sərvəti gündəlik həyat tərzi olan multikulturalizmdir.