Qanunun aliliyinin süquta uğradığı hökumət

10 Fevral 2018 12:29

Sosial vəziyyətin getdikcə dərinləşdiyi Ermənistanda hüquq müdafiəçiləri tətilə başlayıblar. Buna ölkə parlamentinin “Məhkəmə məcəlləsinə” etdiyi dəyişikliklər səbəb olub. Təklif edilən qanun layihəsi təsdiqlənərsə, Yerevanda vahid məhkəmə sistemi olacaq həmçinin vəkillərin hüquqları məhdudlaşdırılacaq. Hakimlər istədikləri vaxt vəkili cərimə edə biləcəklər. Layihəyə etiraz edən vəkillər isə bildiriblər ki, onların özləri də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəklər. Hüquqşünas Ara Zohrabyan deyib ki, Ermənistanda onsuz da insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər. “Yelk” partiyası da “Məhkəmə məcəlləsini” növbəti dəfə boykot edib. Partiyanın sədri Nikol Paşinyan deyib ki, bu, ölkədə yeni etiraz dalğası yaradacaq. Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Bir qrup hüquq müdafiəçisi hətta aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir. “Yelk”in deputatları bu qanunsuzluqlara göz yummayacaqlarını bildiriblər. Çünki hökumət tətbiq edəcəyi cərimələrlə hüquqşünasları susdurmağa çalışır. Bu isə insan haqlarına ziddir.