Kim cəzalansın, piyada, yoxsa sürücü?

10 Fevral 2018 10:33

Doğurdan da bu gün əksər sürücülər yol hərəkəti qaydalarını bildirəcək nişanları lazımsız əşya kimi görür. Məsələn, bu sürücü dayanmağın qadağan olunduğu ərazidə avtomobili  saxladığı azmış kimi, üstəlik özünəməxsus şəkildə çəkiliş qrupumuza etirazını bildirdi. Bəli, sürücülərin bu məqamda ilk yadına düşən şey cərimələrdir. Amma biz cərimədən də üstün, vacib olanı - insan həyatını xatırlatmaq istərdik.  Statistikaya nəzər salsaq görərik ki, təkcə 2017-ci ilin 9 ayı ərzində ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 302 yol qəzası baş verib. Bu hadisələr 100 nəfərin həyatına son qoyub, 202 nəfərin isə sağlamlığını əlindən alıb. Amma  bəzən piyadalar özləri də bilərəkdən qaydaları kobud şəkildə pozurlar. Onlar heç də həmişə yolu nəzərdə tutulan hissədən deyil, əksinə  qadağan olunan yerdən keçirlər. Necə deyərlər, bir neçə addım atmağı özlərinə rəva bilməyib həyatlarını təhlükəyə atırlar. Bu mənzərəni daha çox  şəhərin mərkəzində, avtomobillərin sıx hərəkət etdiyi yerlərdə müşahidə etmək olur. “Başım qarışıq idi, fikirli oldum” kimi bəhanələr yol hərəkəti qaydalarının pozulmasına, eləcə də onun ağır nəticələrinə haqq qazandıra bilməz. Xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə Tovuzun Əyyublu kəndində azyaşlının ehtiyatsızlığı dəhşətli qəzaya səbəb olub. 6 yaşlı uşaq Mişar daşı ilə yüklənən kamaz markalı maşının təkərləri altında qalaraq həyatını itirib. Yol hərəkəti qaydalarına əməl etməklə siz həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyatının təhlükəsizliyinə təminat vermiş olursunuz. Hər halda bu məsuliyyətin yükü heç kimin çiyinlərinə ağırlıq etməz! 


GÜNDÜZ MƏMMƏDOV