XİN rəhbəri Fransada Qarabağdan danışdı

09 Fevral 2018 13:05

"Yeravanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunan ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində “Le Journal Du Parlement”nəşrinə müsahibəsində vurğulayıb. “Ermənistan Azərbaycan Dağlıq Qarabağa münaqişəsinin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib” deyən xarici işlər naziri bildirib ki, münaqişənin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. Elmar Məmmədyarov qeyd edib ki, aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açıb. Onun fikrincə, separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Elmar Məmmədyarov əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır.