Avtomobillərdə bəslədiyimiz bakteriyalar...

09 Fevral 2018 10:16

Allergiya, dəridə səpkilər, tənəffüs yolu ilə orqanizmimizə keçən viruslar. Adətən belə hallara yaz aylarında daha çox rast gəlinir və bu qandakı mikroblarla əlaqələndirilir. Əksəriyyət düşünmür ki, fəsildən asılı olmayaraq, avtomobillərdəki bakteriyalar da allergiyaya və təhlükəli virusların yayılmasına səbəb ola bilər. Alimlər ən xırda mikrobakteriyaların belə hər 20-30 dəqiqədən bir ikiyə bölünmə yolu ilə çoxaldığını bildirirlər. Fəsildən asılı olaraq mikrobların, virusların aktivləşməsi də zamana görə dəyişir. Qış dövrü üçün xarakterik viruslar daha çox yuxarı tənəffüs yollarına təsir edir. Mütəxəssislərin fikrincə, avtomobilin daxilindəki ön hissənin bir kvadrat düyümdə orta hesabla 256 bakteriya olur. Qış üçün dayanıqlı viruslar isə daha çox əl ilə təmasda olan yerlərdə toplanır. Yeni texnologiyalar imkan verir ki, sadalanan mikroblardan az da olsa qoruna bilək. Deyilənə görə, 70-80 dərəcə qızdırılmış buxar vasitəsi ilə təmizlənən maşınlarda bakteriyaların sayını minimuma endirmək mümkün olur. Bu proses təxminən 3-4 saat çəkir. Avtomobilin içinin təmizlənərək qurudulmasına isə 7 saat vaxt gedir. Əgər siz də özünüzün, eləcə də ailə üzvlərinizin, xüsusən də uşaqlarınızın sağlamlıgını düşünürsünüzsə, gigiyenik qaydalara riayət edin. Maşının təkcə üstünü deyil, vaxtaşırı içini də dərindən təmizlədin.


SAMİR NAMİQOĞLU