Tramvaylar qayıdır?

08 Fevral 2018 14:26

Bir vaxtlar tramvaylar şəhərimizdə ictimai nəqliyyatın əsas atributu sayılırdı. Şəhərimizi bu nəqliyyat vasitəsiz təsəvvür etmək mümkün deyildi. 1889-cu ildə Bakıda polad rels xəttiylə işləyən fayton tikilmişdi. Lakin bu faytonlar tələbatı ödəmirdi. Ona görə də şəhərdə elektrik tramvay xətlərinin salınması barədə təklif verildi. Lakin bu təklifin reallaşması düz 20 il ləngidi. Nəhayət uzun fasilədən sonra Bakıda tramvay xətlərinin tikintisinə başlanıldı. Beləliklə, paytaxtda ilk tramvay 1924-cü il fevralın 8-də xəttə buraxıldı. Bu xətt “Azneft”dən Dəmir Yol Vağzalına gedən yolu birləşdirirdi. Bu minik vasitəsinə tələbat çox idi. Ona görə ki, həm ödəniş qiyməti aşağı idi, həm də ekoloji cəhətdən əlverişli sayılırdı. Təəssüflər olsun ki, bu gün biz onun haqqında keçmişdə danışırıq. Üstünlükləri ilə bir çox nəqliyyat vasitələrindən fərqlənən və Bakının qədim simvollarından birinə çevrilən tramvayları təəssüf ki, sonadək qoruyub saxlaya bilmədik. İllər ötdükcə bu nəqliyyat növü tənəzzülə uğradı. Vaqonlar yararsız vəziyyətə düşdü, xətlər sıradan çıxdı. 2000-ci ildə tramvaylar küçələrdən tamamilə yığışdırıldı. Tramvay Parkının fəaliyyəti isə 2004-cü ildə dayandırıldı. İllərdir ki, istismarını başa vuran Tramvay Parkı bu gün məcburi köçkünlərin düşərgəsinə çevrilib. Ərazidə tramvayla bağlı bir element belə gözə dəymir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerika, İngiltərə, Türkiyə və həmçinin postsovet ölkələrində ucuz və sərfəli nəqliyyat növündən geniş istifadə olunur. Avropa küçələrini bəzəyən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var. Bu baxımdan, Bakıda tramvayların yenidən bərpa olunması məsələsi gündəmə gəlib. Ekspertlər deyirlər ki, tramvaylar bərpa olunsa da, 80 il bundan əvvəlik kimi bunun bütün küçə və prospektlərdə quraşdırılması əlverişli olmayacaq. Çünki  şəhərdəki tramvay xətlərinin hamısı sökülüb. 2030-cu ili əhatə edən Böyük Bakının Regional İnkişaf Planına əsasən tramvaylar  “Ağ şəhər” layihəsi yekunlaşdıqdan sonra dənizkənarı Milli Parkda bərpa olunacaq. Modern üslubda nəzərdə tutulan nəqliyyat növü bulvar boyu ərazini əhatə edəcək. Amma Bakının əsas yol qovşaqlarında görünməyəcək. Memarlar deyirlər ki, tramvayların yeni moderndə rəngarəng olması şəhərin memarlıq baxımdan gözəl görünməsini təmin etməklə yanaşı, tıxac problemini də aradan qaldıracaq. Bu gün foto və videolarda gördüyümüz tramvayların tezliklə şəhərimizi bəzəyəcəyinə ümid edirik. Yeni layihəyə görə, Gəncədə də tramvay xətlərinin çəkilməsinə başlanılacaq.


SİMNARƏ HƏMİDQIZI