Tarixin silinməz izi

07 Fevral 2018 10:54

Tarixi hadisələrə şahidlik edən bu tikili 1918-ci ildə Qafqaz Canişinliyinin binası olub, Azərbaycan Xalq Cumhuriyyətinin elan olunmasından sonra isə Türkiyə, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Rusiya və digər dövlətlərə radio teleqramlar məhz buradan göndərilib. Azərbaycan Xalq Cümhuriyyətinin Tbilisidə elan olunmasını isə araşdırmaçılar Tbilisidə yerləşən Zaqafqaziya seyminin buraxılması ilə əlaqələndirirlər. 1918-ci il mayın 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla Azərbaycanın ilk Parlamenti yarandı. 1918-ci il sentyabrında isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu.  Amma əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Lakin buna baxmayaraq 23 ay müstəqilliyi dövründə görülən işlər, bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti həm yaddaşlarda, həm də qəlblərdə silinməz izlər buraxdı.


AZƏR MƏMMƏDOV