Online alış-veriş edənlərin NƏZƏRİNƏ!

07 Fevral 2018 10:00

Bu gün dünyanın bir çox ölkəsində online alış-verişə tələbat böyükdür. Elə ölkəmizdə də vətəndaşlar online ticarətdən yetərincə faydalanırlar. Amma Azərbaycan bundan əsasən alıcı ölkə kimi istifadə edir. Ötən ildən isə online üsulla xaricdən məhsul alan vətəndaşlara 18 faiz ƏDV tətbiq olunub. Belə ki, qanunla hər hansı bir məhsulu xaricdən sifariş edən şəxs həmin əşyanın pulunu ödəməklə yanaşı, onun bank kartından əlavə 18 faiz vergi də çıxılır. Beləcə alıcılar 18 faiz ƏDV-ni ödəməmək üçün əsasən hansı ölkənin məhsullarını alacaqlarsa o ölkənin də bank kartını əldə edirlər. Çünki vətəndaşın xarici ölkələrin bank kartlarından istifadə edərək yalnız 1-2 dollar komission haqqı ödəməsi daha sərfəli olur. Belə olan halda xarici banklar yaranmış vəziyyətdən istifadə edib, müştərilərinin sayını çoxaldırlar. Nəticədə də onlar komission haqları ilə gəlirlərini artırmış olurlar. Ekspertlər bildirirlər ki, bu boşluğun aradan qaldırılması üçün yeni mexanizmin işlənib hazırlanmasına ehtiyac var. Əks halda, Azərbaycanda maliyyə institutlarının işi çətin olacaq. Məhsulların gömrükdən keçirilməsinə gəlincə, fiziki şəxslər ay ərzində 1000, yetkinlik yaşına çatmayanlar isə 500 ABŞ dollaradək online və ofline şəklində məhsul sifariş edə bilərlər. Fiziki şəxs yalnız poçtun xidmətini ödəməklə, gömrük rüsumundan azad olunur. Amma alınan malın dəyəri 1000 ABŞ dollarını keçərsə rüsum ödəmək vacibdir. Hüquqi şəxslər üçün isə qaydalar fərqlidir. Gömrükdən müəyyən aksizli malların keçirilməsi ilə bağlı da müəyyən məhdudiyyətlər var. Bura qızıl məmulatları, siqaret və alkaqollu içkilər daxildir. Ekspertlər deyirlər ki, gömrükdə ciddi nəzarət olsa da, bəzi vətəndaşlar qadağan edilmiş məhsulları ölkəyə qaçaqmalçılıq yolu ilə keçirirlər. Halbuki Dövlət Gömrük Komitəsinin internet saytında da göstərilir ki, pul və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq, qadağan edilmiş dərman vasitələri, rəsmi və şəxsiyyəti təsdiq edən sənədlər, arxiv sənədləri, kompüter proqramları, modifikasiya olunmuş bitkilər, eləcə də partlayıcı maddə və qurğuların ölkəyə gətirilməsi qadağandır. Belə olan halda fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər isə 1650-2200 manat məbləğində cərimə edilirlər.


SİMNARƏ HƏMİDQIZI