Bakıda mağaza, Sumqayıtda aptek yandı

03 Fevral 2018 17:19

Bakının Nəsimi rayonunda yanğın olub. Hadisə Şamil Əzizbəyov 156 ünvanındakı üçmərtəbəli binanın girişində yerləşən mağazada baş verib. Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Rayon Polis İdarəsinin əməkdaşları dərhal əraziyə  cəlb edilib, sakinlərin təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb. Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalan və tüstüdən zəhərlənən 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərliləri polis əməkdaşları xilas edib.Onlara ilkin tibbi yardım göstərilib. Qohumluq əlaqələri olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.Hadisə nəticəsində azyaşlıları xilas edən rayon polis idarəsinin post patrul xidmətinin əməkdaşları - serjantlar Qoşqar İsmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər. Sumqayıt da yanğın hadisəsi qeydə alınıb.Hadisə şəhərin 20-ci məhəlləsində aptekdə baş verib. Nəticədə 62 kvadratmetr sahəsi olan aptekin 30 kvadratmetr hissəsi və tibbi ləvazimatları yanıb.  Alov ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb. Binadan 4 nəfər təxliyə olunub. Yanğının səbəbləri araşdırılır.